Quru öskürək bizim ən çox üzərində baş sındırdığımız, xəstələrimizin ən çox əziyyət çəkdiyi, xəstələrimizin ən çox qapı-qapı gəzdiyi problemlərdən biridir.
Çünki bir çox səbəbləri var. Bəzən təəssüf ki, biz o səbəbləri heç tapıb ortaya da çıxara bilmirik.
Amma “Boğazla əlaqəli olur?” – Bəli.
“Allergik bir proses ola bilər?” – Ola bilər.
Bizim “larinqofarengial reflüks” – danışmışıq bu haqda, dediyimiz bir problem var. O problem zamanı quru öskürək verə bilir.
Bəzən bu quru öskürəyin səbəbi, məsələn, “traxeit” və ya “bronxit” dediyimiz problemlərlə bağlı ola bilər, “allergik bronxit”lə bağlı ola bilər, allergik prosseslərlə bağlı ola bilər, hər hansı bir soyuqdəymədən sonra ola bilər…
Mən bu xəstəyə mütləq müalicə yazmalıyammı?
Burada ən önəmlisi nədir?
Biz bəzən həkimlər olaraq da həddən artıq mənfi eqoizm göstəririk. Nə edirik? “Mən, bu xəstə mənim yanıma gəlibsə, mütləq diaqnozunu qoyub, müalicə edəcəyəm.” Elə deyil, amma.
Bəlkə, heç xəstənin mənə aidiyyatı yoxdur, mənim gördüyüm işə aidiyyatı yoxdur. Yəni burada bir kompleks müayinə olunmalıdır. Bir neçə həkimin müayinəsi olunmalıdır.
Mütləq bronxlarda “Spastik proses varmı, yoxmu?” – bu dəqiqləşdirilməlidir.
Burun, burun-udlaq yoxlanılmalıdır.
Bəzən burundan olan axıntı belə qıcıqlandırıb quru öskürək verə bilir, bu yoxlanılmalıdır.
Boğaz yoxlanılmalıdır.
“Reflüks varmı, yoxmu?” – bu yoxlanılmalıdır.
Ehtiyac varsa, hətta qastroenteroloq mütləq müayinə etməlidir.
“Qrip olmuşdum, 2 aydır öskürürəm”
Quru öskürək həddən artıq gündəmdə olan bir problemdir. Məsələn, bu pandemiya dövründə çox oldu. Koronavirusdan sonra bir çox insanımızda aylarla davam edən quru öskürək oldu.
Kəskin respirator virus infeksiyalarından sonra bu davam edə bilən bir prosesdir.
Məsələn, son bir neçə ildə biz bunu çox görürük. Pandemiyadan, koronavirusdan öncə belə bir neçə il ərzində bizə gələn xəstələr onu deyirdilər “Doktor, qrip oldum, 2 aydır öskürürəm və heç bir şeylə də müalicə edə bilmirəm. Hər cür dərman içmişəm: antiallergik içmişəm, nə bilim, bir çox öskürək siropları içmişəm, amma keçmir.”
Qalıcı belə proses ola bilir, təəssüf ki.
Biz belə çözə bilmirik bəzən bunu. Bəzən özü-özünə keçir.
Qidalanmaya fikir verməyimiz lazımdır, qidalanma ciddi rol oynaya bilir.
Öskürək zamanı ilk müraciət LOR həkiminə olunur
Öskürək daha çox haradan olur? İlk LOR həkiminə gəlirlər. Bəzən olur ki, biz müayinə edirik deyirik ki, yəni “Niyə gəlmisiniz? Yəni sizin bir allerqoloqa və ya pulmonoloqa getməyiniz lazımdır.”
Amma öskürək, səs buradan çıxdığına görə səs tellərimizin arasından ilk getdiyim həkim LOR həkimi olur.
Burada həm həkimlərə, həm xəstələrə vermək istədiyim bir mesaj var ki, mütləq bu xəstələri bir neçə həkimin müayinə etməsi lazımdır.
Xəstəni başqa həkimə yönəltməkdən utanıb-çəkinməməliyik
Bu gün belə, bu çəkilişdən bir neçə saat öncə mənim yanıma bir xəstə gəlmişdi, quru öskürəyi var idi. 4 gündür çox ciddi surətdə… Yatmır adam. “4 sutkadır” dedi ki, “yatmıram”.
Mən baxdım bir problem gördüm boğazla bağlı, amma bir şübhəm də yarandı, yəni “Mütləq bir pulmonoloqun baxması lazımdır. Mütləq bir ‘spirometriya’ dediyimiz bir müayinə olunmağınız lazımdır” dedim və bir pulmonoloqa yönləndirdim.
Yəni bundan utanıb-çəkinməyimiz doğru deyil. Utanıb-çəkinməməliyik. Yəni bizim əsas hədəfimiz insanlarımızın sağlamlığa qovuşmasıdır, həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Bunun üçün lazım olsa, 10 həkim baxacaq. Onuncu, bəlkə, doğru diaqnoz qoyacaq və müalicə edəcək.