Burun tutulmasının bir çox səbəbləri var. Ən bəsit bildiyimiz zökəm – “qrip” dediyimiz, amma qrip deyil o əslinə qalanda, “zökəm” deyə bilərik, yəni burundaxili iltihab, belə desək, burun iltihabı.
Və bu zaman nə olur?
Bizim həmən burnumuz tutulur, çünki burnumuzun içində olan selikli qişa şişkinləşir, burnumuzun içərisində olan “burun balıqqulaqları” dediyimiz orqanlarımız şişkinləşir və burnumuz tutulur.
Yaşadığımız coğrafiya burun tutulması üçün çox əlverişlidir
Başqa bir ölkəmizdə çox geniş yayılmış, məsələn, Abşeron yarımadasında çox geniş yayılmış “allergik” və ya “vazomotor allergik rinit” dediyimiz bir xəstəlik ki, bu yaşadığımız coğrafiya bunun üçün çox münbit bir coğrafiyadır. Çünki bir tərəfdə dənizimiz var, rütubətimiz var, bir tərəfdə yarımsəhra var, tozumuz çoxdur, təəssüf ki… Və bunların təsirindən də bizim “vazomotor rinit” dediyimiz bir problem ortaya çıxır və bəzi insanlarda daha irəli keçmiş bir “allergik rinit” dediyimiz problem ortaya çıxır ki, bu zaman burnumuzun daxilində selikli qişa şişkinləşir və burnumuz tutulur.
Burnumuz tutulduqda nə etməliyik?
Nə etməyimiz lazımdır? Bu ağırlaşa bilərmi?
Əgər vaxtında müalicə olunmasaq, bəli, allergik rinit ta burun poliplərinə kimi gətirib çıxara bilər. Sırf allergiya nəticəsində əmələ gələn burun poliplərimiz var ki, bunlara kimi gətirib çıxara bilər. Bu zaman daha şiddətli burun tutulması ola bilər.
Bəzi insanlar var ki, yanınızda duranda burnunun nə qədər tutulduğunu hiss edə bilirsiniz. Çünki heç nəfəs ala bilmir, tamamilə burun bağlı olmuş olur, yəni tamamilə belə bir vəziyyət yaranır.
Az qalırsan deyəsən ki, “Nə olar bir həkimə get də. Xahiş edirəm.” Yəni bir həkim olmasaq belə deyə bilərik onu.
Problemləri saxlayıb böyütməməliyik
Hər videomuzda bunu deyirik, hər mövzuda buna toxunuruq “Vaxtında həkimə getməyimiz.” Yəni bizim ən böyük problemimiz həkimə gec getməyimizdir. Problemi saxlayırıq, saxlayırıq, bişiririk, bişiririk, bişiririk, qaynadırıq, daşdırırıq… Əriyən yağın içinə bir 3-4 qaşıq su tökün görün nə olacaq? İçində heç yağ qalmayacaq, hamısı daşacaq. Biz də problemlərimizi o vəziyyətə gətirib çıxarırıq, təəssüf ki, ondan sonra həkimə gedirik. Yəni vaxtında həkimə getsək, bu problemi çözərik.
Burnumuz 7-10 günə açılmırsa, həkimə getməliyik
Burun tutulması adı zökəm də ola bilər, sinusit – el arasında “qaymorit” kimi bildiyimiz sinusit də ola bilər, bu vazomotor allegik rinit də ola bilər, burnun içərisində Allah qorusun hər hansı bədxassəli törəmələr də ola bilər və bunların hamısı burun tutulmasına gətirib çıxara bilər.
Bəzən uşaqlarda anadangəlmə problemlər olur, burun arxasında atreziya dediyimiz burnun burun udlağa açıldığı hissəsinin tamamilə qapanması ola bilir. Bu da burun tutqunluğu verə bilir.
Ona görə vaxtında mütləq həkimə gedək.
Uzun davam edirsə, nə bilim, 1 həftə – 10 günə keçmirsə, mütləq həkimə gedək ki, ciddi problemlə sonra üzləşməyək.