8 MART

Günorta növbəsində oxuduğum ibtidai sinfin səhərlərini o zamanlar “qruppa” adlandırdığımız uzadılmış dərs saatlarında keçirərdik. 10 qəpiklik birinci yeməyi dövlət pulsuz təqdim edər, ikincini almaq üçün isə valideynlərimiz gündəlik 20 qəpik qoyardı cibimizə. Paralel sinifdə oxuyan, qruppada bir yerdə olduğumuz və dostluq etdiyimiz Rövşənlə 20 qəpiyin 10-nu verməklə supu deyil, ancaq ikinci yeməyi yeyər, beləcə gündəlik qənaət etdiyimiz 10 qəpikləri toplamaqla 8 Mart öncəsi adama bir dənə 3 manat 40 qəpiklik ətir alıb analarımızın bayramını təbrik edərdik. Ən sevdiyimiz fəaliyyət idi bu hədiyyə məsələsi. Hələ də həyacanlanıram mağazada ətir seçdiyimiz anları xatırlayanda…

8 mart uzun zaman bu xatirələri daşıyırdı qəlbimdə. Ta ki, bir gün O-nu görənə kimi…

Anarla bir yerə gələndə dədəm məni, qardaşı Pənah müəllim isə onu danlayardı. “Gücünüzü dilinizə verib alveri unudursunuz” ən çox eşitdiyimiz tənbeh idi. Anar İqtisad universitetində, mənsə yenicə ATU-da təhsilə başlamışdım. Boş zamanlarda o, qardaşına, mənsə atama kömək edirdim yan-yana olan mağazalarda. 

90-cı illərin martlarından birinin ilk həftəsi idi. Yenə kömək üçün gəldiyimizi unudub ordan-burdan müzakirəsinə başımız qarışmışdı. Bir də baxdıq O, içəri girdi. Aradan 25 ildən artıq bir zaman keçsə də, əynindəkilərdən üz cizgilərinə kimi əzbərimdədir. Piştaxtanın üzərində olan süni çiçəkləri müştəri gözü ilə süzüb, bir-ikisini əlinə alıb baxdı. Mağazada başqa heç kim yox idi üçümüzdən başqa. Bu çiçək süzmə fəaliyyəti “norma”dan bir az uzun sürmüşdü sanki. “Dayı, evdəkilərə deyəsən sürpriz etmək istəyirsiz, bax bu güllər çox gözəldir, alsaz peşman olmazsınız” kimisindən ifadələri az qala xorla ikimiz də söylədik. Söyləməmiş olsaydıq. O cavabı indi eşitsəm ən azından kardioreanimasiyaya düşərdim. Amma 20 yaşlı bir gəncin ürəyi daha dözümlü çıxmışdı.. 

“Yox, bala. Oğlumun məzarına aparacam, şəhidlər xiyabanına. Onunçün baxırdım”…

Nə özümü mağazanın arxasına necə və nə zaman atdığımın, nə də əllərim üzümdə nə qədər hönkür-hönkür ağladığımın fərqində olmamışdım… Bir də baxdım Anar qıprırmızı gözlərlə başımın üstündə qibtəedici baxışlarla çiynimə toxunur. Gözlərində “ay vicdansız, sən qaçdın, ürəyini boşaltdın, amma mən içəridən çıxammadım axı” sitəmi var idi.. 

Gülləri götürdümü, apardımı, sonrası necə oldu xatırlamıram təəssüf ki… Yaşayırmı indi… Kim idi görən o qəhrəman oğlan..  bilmirəm təəssüf ki, və çox peşmanam buna görə.

Təlafisi sabah səhər artıq sıraları o zamandan bəri xeyli artmış Sumqayıt şəhidlərini Onun adına ziyarət edib oğlu ilə bərabər yatan İgidlərin ruhlarına dualar etmək, Onun əli ilə bir çiçək buraxmaq.. 

“Bəzən insan; “Mən yaxşıyam” deyəndə gözlərinin içinə baxıb “yaxşı deyilsən bilirəm” deyəcək birinə çox ehtiyac duyar.” deyə bir fikir oxumuşdum bu yaxınlarda mücərrəd bir müəllifin qələmindən… Haqlıymış…

Bayram günü bu nə yazıydı tökdürmüsən deyib sitəm edəcək ən yaxınımdakılar belə yəqin ki.. Onlar da haqlıdırlar.

Amma..! 

23:55     07.03.2023   Sumqayıt.

Published
Categorized as Digər

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir