Qırtlaq papillomatozu

qirtlaq-papilomatozu

Qırtlaq papillomatozu bizim “baş bəlası” adlandırdığımız problemlərimizdən biridir, təəssüf ki. 

Yəni mənim ən çox xəstələrimə görə narahat olduğum bir qırtlaq iflicləri var, bir də papillomatoz var. Onkoloji prosesi bir tərəfə qoyuram, əlbəttə ki. 

Papillomatoz xoşxassəli, amma təkrarlanan törəmədir. 2 yerə bölürük: bir uşaqlarda, bir də böyüklərdə görə bilərik.

Uşaqlarda papillomatoz

“Yuvenil papillomatoz” dediyimiz, uşaqlarda gördüyümüz papillomatoz çox ağır bir prosesdir. Niyə? Çünki bəzi uşaqları biz 2 ayda bir, 3 ayda bir əməliyyat etmək məcburiyyətində qalırıq. Yəni qırtlaqda, səs tellərin üzərində, ümumiyyətlə, bütün hava yolunda gül kələminə bənzəyən, məsələn, əlimizdə, dərimizdən çıxan bu ziyil dediyimiz papillomalar, o cür yəni. Daha çox insanlarımız ziyil kimi tanıyır. Papillomalar – onun kimi… Amma çoxlu papillomalar əmələ gəlir və bunlar həm səsi, həm tənəffüsü pozur və çox da böyüyərsə, mənfəzi tam doldurarsa və xəstə çox gec gedərsə, həkimə hətta udmanı belə poza bilər.

Papillamatoz təkrarlanan törəmədir

Xəstəliyin ən narahat olduğumuz hissəsi dediyim kimi təkrarlanmağa bağlı olduğudur. Yəni bizim, məsələn, 14 yaşında 80-ə yaxın əməliyyat olunmuş xəstəmiz var. Düşünə bilirsinizmi yəni ki, nə deməkdir? 14 ildə 80 əməliyyat! İlə az qala 6 əməliyyat düşür. Yəni bu ailə üçün həm maddi, həm mənəvi bir yükdür. Ciddi bir yükdür.

İlk uşaqda daha çox olur bu problem. Hətta bəzi ailələr 2-ci uşağın olmasından belə qorxurlar ki, birdən onda da həmin problem olar.

Papillomatoz xoşxassəli törəmədir

Yəni papillomatoz insan papilloma virusunun törətdiyi bir problemdir, xoşxassəli bir törəmədir. Bu uşaqlar yeniyetmə dövrünə kimi, cinsi yetişkənlik dövrünə kimi çox əməliyyat olunurlar. Cinsi yetişkənlik dövründən bu xəstəliyin tamamilə sorulması ola bilər. Çox nadir hallarda daha çox da qız uşaqlarında, təəssüf ki, “marginizasiya”, yəni bədxassəli törəməyə çevrilmə ehtimalı var.

Hal-hazırda yeganə müalicə üsulu əməliyyat və immun sistemi yaxşılaşdıracaq preparatların tətbiqidir ki, bu preparatlar da həm bahalı, həm də eyni zamanda bədənə verdiyi problemlərin olduğu bir preparatlardır, təəssüf ki. 

Ona görə də bu “remissiya” dediyimiz 2 əməliyyat arasındakı zamanı uzatmaq üçün istifadə etdiyimiz preparatların da çox böyük… Təəssüf ki, heç də hər xəstəyə istifadə edə bilmirik, hər yaşda istifadə edə bilmirik.

Papillomatoza qarşı nə tədbir görə bilərik?

Amma bir ümidimiz var. Artıq insan papilloma virusunun peyvəndi icad olunubdur. Artıq peyvəndlənmə icra olunur. Hətta bəzi ölkələrdə bu məcburidir və uşaqlara cinsi həyat yaşamadan öncədən icra olunur. 

Peyvəndin icrası ilə ümid edirik ki, bu xəstəliyin önünü ala biləcəyik və mən çox ümid edirəm ki, ölkəmizdə də artıq səhiyyə sistemi bunu prioritet kimi qəbul edəcək və bu peyvəndləməni icra edəcək. Bununla bu xəstəliyin… Tək qırtlaq papilomatozu deyil, məsələn, qadınlarda uşaqlıq boynu xərçənginin belə səbəblərindən biridir insan papilloma virusu.. Bu çox ağır xəstəliklərin önünü ala bilərik, inşallah.

Uşaqda papillomatoz olduğunu necə anlamaq olar?

Bir də bir maraqlı sual çıxır bu mövzudan danışan zaman “Necə bilək ki, uşaqda papillomatoz var?” 

Biz hər zaman bir şey deyirik “Uşağın səsində problem varsa, həkimə aparın”, “Uşağın səsində qalıcı bir problem varsa, həkimə aparın”.

Papillomatoz, adətən, immun sistemin bir az belə çökdüyü zaman ortaya çıxır. Hekayələr, demək olar ki, eynidir. Qrip olur uşaq… Məsələn, dünən əməliyyat etdiyimiz bir uşaq var. 17 günlüyündə keçirdiyi bir qripdən sonra səsi batıb və 11 yaşına kimi bir neçə həkimə gediblər, amma əməliyyat olunmayıb və çox – mənfəzi tamamilə qapadan.. Uşağın nə səsi var düz əməlli, nə də tənəffüsü var. 

Düşünə bilirsinizmi ki, o yaşa qədər gəlib çıxıbdır uşaq?!

Vaxtında həkimə getmək çox vacibdir

Əgər belə bir problem varsa, mütləq həkimə getməyimiz lazımdır, mütləq müayinə etməyimiz lazımdır. Digər videolarımızda da demişik, yəni biz artıq bir günlük uşağın belə qırtlağına rahat surətdə baxa biləcək alətlərə malikik ölkəmizdə yəni və bunu edə biləcək bir çox klinika var. 

Yaxşı olar ki, müayinə olunsun. Qalıcı bir səs problemi varsa, mütləq müayinə olunsun və bu problem vaxtında üzə çıxarılsın. 

Özümüzə bəlkə də nə bilim, soyuqbaşlı davrana bilərik, amma uşağa qarşı bunu eləməmək lazımdır. Mütləq vaxtında həkimə getmək lazımdır.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir