QAN BAĞI

Ağıllı telefonlar, yüzlərlə kanallı TV-lər, play stationlar, wifi, internet bəzəməzdi bizim uşaqlıq axşamlarımızı. Ağ-qara TV-dəki bir Bakı, bir də Moskva kanallarına 22:00-dan sonra demək olar baxılmazdı. Əvəzində mehriban söhbətlərimiz vardı ki, içində ən çox sevdiyimiz atamın atasından eşidib bizə təkrar-təkrar danışdığı Qafqaz İslam Ordusu igidlik hekayələri idi. Qədərin cilvəsi, babam bir neçə ay Daşaltıda mövqelənən birliyə qoşulmuş, ona verilən atla ətraf kəndlərdən süpürgə toplayıb Şuşadakı uşaq evinin ehtiyacları üçün sərf edirmiş. O zaman gördüklərini övladlarına danışmışdı ki, atam da bizə bu hadisələri az qala həftədə bir neçə dəfə danışardı. Bu söhbətlər içimizdə çox ciddi bir Türkiyə sevdası alovlandırmışdı hələ erkən yaşlarımızdan. 

Dr.Ramil Heşimli

Sonra, bir gün imperiya dağıldı, müstəqillik yolu açıldı önümüzdə. 12-13 yaşlı bir məktəbli olaraq hələ müstəqilliyi tam anlamamış olmağımdandı hər halda, içimdəki sevda ilə də “hər halda indi Türkiyə ilə birləşəcəyik” deyə keçirdi beynimdən o günlərdə. Bərabərində 45 illik həyatımın az qala 70%-lik bir bölümünü içinə alan savaş… 

Babam və onun kimi onminlərin son nəfəslərinə kimi gözlədikləri türklər gəldi bir gün. Kimisi oxumağa, kimisi işləməyə, kimisi başqa bir niyyətlə. Şahidləri yaxşı bilir, taksiyə minənlərdən belə pul almazdı bizimkilər hansı məsafəyə getsələr də, uzun hicranın dadlı vüsalı ilə. Az qala hər vətən övladının həyatında birbaşa və ya dolayı bir iz qoydu gələnlər, 70 ilin həsrətindən sonra açılan yollar. Kimisi oxumağa getdi, kimisi işləməyə, kimisi ailə qurdu, kimisi burda qurulan şirkətlərdə 90-ların ən ağır zamanlarında işləyib övladlarını böyütdülər. 

Kitablar, arxivlər, yazılar açıldı üzümüzə. Qafqaz İslam Ordusu şücaətləri hamıya bəlli oldu, 70 il göz bəbəyi kimi qorunan məzarların üzərində al sancaq qaldırıldı, “Yolçu! Dayan burda, düşün bu yerdə. Soruş, kimdir yatan bu tək qəbirdə? O bir Türk zabiti, doğuldu haqdan. Sənin yardımına gəldi uzaqdan.” misraları yazıldı!

Öz sahəmdən danışsam, səhiyyəmizin bel sütunlarının əksəriyyəti oralarda oxuyub gələnlər oldu. Kimisi 10 il, kimisi 10 gün belə orda olsa da, dərin iz buraxdı məslək həyatında. Ən müxtəlif ölkələrə üz tutan xəstələr üçün bir ümid yeri oldu hamısı. 

Sonra, bir fürsət daha doğdu, həsrətini çəkdiyimiz vətən torpaqlarına ayaqlarımızı vura bilmək üçün. Yetişdi haraya Bayraqdarlar, Bahtiyarlar.. Bəzədi aynalarımızı qoşa sancaqlar! Təkrarlandı Çanaqqalada, Gəncədə,  Qarabağda, Şirvanda, Bakıda yaşanmış tarixlər! 

Ardından ciyərlərimizi daraldan yanğında ilk qardaş qaçdı köməyə, xəbər başlıqları “Kardeş Sarp gümrüyünü geçdi” yazıları ilə bəzəndi. Bu zülmü də atlatdıq deyən zaman yuxumuza belə girməyəcək fəlakət yaşandı..

Bir səhər oyanıb xəbərlərə göz atdığımızda az qala Azərbaycan boyda bir coğrafiyanın alt-üst olduğunu gördük yaşlı gözlərlə. Yenə ilk koşan qardaş oldu. Xalq ilk şokun təsirindən ayılır-ayılmaz özünü elçilik qapısında gördü. Bağımızın nə qədər möhkəm olduğunu bilənlərin belə düşünə, ehtimal edə bilmədiyi oldu. 7-dən 77-yə hər kəs əlində ovcunda nə varsa vermə yarışına qoşuldu sanki. Vaxtilə nənələrimizin barmaqlarındakı üzüklərini, boyunlarındakı mücəvhərlərini Cümhuriyyət savaşına göndərdiyi kimi bir hal yaşandı. Ayrılan deponun ölçüsü təəssüf ki, ayıranların xalqı tam tanımadığını göstərdi ancaq. 10 TIR toplaya bilinərmi düşüncəsinə 100 TIRlı bir cavab gəldi. İbrahimin oduna dimdiyində su daşıyan sərçə misalı tərəfini bəlli etdi, dünyaya mesajını verdi eyni zamanda! 

Savaşda Hikmət babamız vardı, bu mücadilədə qırmızının çalarları olan maşınını al qırmızı ilə bəzəyən Sərvər qardaşımız oldu! 

Yaxşı bəs dövlət desəniz, iki misal:

“Van zəlzələsində niyə heç bir ölkənin köməyini qəbul etmədiz amma Azərbaycanın köməyini qəbul etdiz?” sualına “Azərbaycanlılar heç bizdən soruşmadı ki kömək lazımdır ya yox. Təyyarə göydə olanda xəbər verdilər ki hara enək” cavabı oxumuşduq bir neçə il əvvəl Türkiyə Cümhurbaşqanı dilindən. Bundan 100 il öncə “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş qardaşın hər çətin durumunda əlindən tutar. Biz qardaş xalqıq, hər zaman və hər şərtlər altında bir-birimizin əlindən tutacağıq. Bu gün etdiklərimiz bir qardaşın qardaşına etdiklərindən başqa bir şey deyildir” cümlələri yazılmışdı o zamankı hökümət başçımızın göndərdiyi teleqramda.

Bütün bunlar nədir sorsaq? Dünyada heç bir iki dövlət arasında olmayan bir bağ, bir qardaşlıq, bir birlik, bir sevgi.. Say, say bitməz.. Ətlə dırnağın ayrılmaması buna görə deyilib yəqin ata misalımızda. Bu, dövlətlər, hökumətlər fövqündə olan, 70 illik dəmir pərdənin, sonrasında yüzlərlə fitnəkarın oyunlarının belə unutdura, azalda bilmədiyi qardaşlıq ötəsi bir QAN BAĞIDIR! Dövlətinin adı nə olursa olsun, hökumətində kim təmsil olarsa olsun, fərq etməz; yeri gəldiyində Çanaqqalada daşa yazar adını, yeri gələndə Bakıda, yeri gələndə Bayraqdar uçar köməyə, yeri gələndə Sərvər sürər maşınını! Allah bəd nəzərdən, bədxahların fitnəsindən qorusun! 

BAĞIMIZ MÖHKƏM OLSUN!!! 

Published
Categorized as Digər

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

3 comments

Abdullayev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir