Səs necə əmələ gəlir?

insan-sesi-nece-emele-gelir

Səs, ümumiyətlə, fiziki bir məfhumdur. Səs bizim səs büküşlərimizin (“səs teli” deyirik amma səs teli deyil, səs büküşüdür. Çünki çoxqatlı bir orqandır səs büküşlərimiz) arasından çıxan havanın səs büküşlərimizin üzərində olan epiteli və ya selikli qişanı titrəyişlə bir-birinə vurması ilə əmələ gəlir. 

Burada bir enerji çevrilməsi olur. 

Ağciyərimizdən gələn hava, qırtlağımızda, yəni “hulqum” və ya “adəm alması” dediyimiz o orqanın bir hissəsinin içərisində yerləşən, səs büküşlərinin üzərindəki o bir-birinə yaxınlaşan səs büküşlərinin üzərində olan selikli qişanı vibrasion bir hərəkətə gətirir, vibrasiya eliyir və bunun nəticəsində də “xam səsimiz” çıxır. 

Xam səs nədir?

Niyə xam səs?

Təxminən eyni quruluşlu ölçüləri bərabər olan, qırtlaqları çıxarıb arxasından bir şar bağlayıb hava buraxsaq, təxminən eyni cür xam səs çıxar. 

Amma bizim insanlarımızın səsi bir-birinə bənzəmir. Düzdürmü? Yer üzərində olan bütün insanların səsi fərqlidir. Düzdür, bir ailədən olan və ya əkiz olan insanların səsində müəyyən bənzərlik ola bilər.

Səslərimiz niyə bir-birinə bənzəmir?

O da niyə?

Çünki bizim səsimiz sonradan şəkillənir. Səs büküşlərimizin üzərində olan nahiyədən, qırtlağımızdan yuxarı ta burnumuzun ucu və dodaqlarımıza kimi olan hissəyə biz “səsi şəkilləndirən anatomik hissələr” deyirik. Burada səsi şəkilləndirir və hərəmizin, hər bir insanın özünə məxsus səsi çıxır. Ona görə də bizim səslərimiz bir-birinə oxşamır.

Necə əmələ gəldi səs? 

Ağciyərimizdən gələn hava qırtlağımızda bir xam səs əmələ gətirdi, sonra həmin səs, çünki hava davam edir çıxmağa, yuxarıdakı orqanlarda şəkillənir və özümüzə məxsus bir səsmiz olur. 

Burada həm dil, həm dodaqlar, həm yumşaq damağımız, həm burun və burunətrafı ciblər hamısı rol alır. 

Qadın və kişi səsi və ya qalın və incə səs

Bu sual haqqında danışan zaman bir nöqtəyə də vurğu eləmək istəyirəm: qadın və kişi səsi arasındakı fərq. 

Yəni niyə qadınların səsi incə, kişilərin səsi daha qalındır?

Bu fərq tamamilə o səs büküşlərimizin üzərində olan vibrasion hərəkət demişdik, bundan asılıdır.

“Səsin təməl tezliyi” deyilən bir məfhum var. Bu, səs büküşlərimizin üzərindəki həmin o epitelin bir saniyədəki hərəkət sayına bərabərdir. Kişilərdə bu 140-150-ə kimi (100-150 arası), qadınlarda 180-dən yuxarı (180-300 arası) olur. 

Bu deməkdir ki, bir saniyədə bizim səs büküşlərimiz 150 dəfə vibrasion hərəkətlə bir-birinə toxunur. Ona görə də bizim səsimiz bir-birindən seçilir. 

Yəni qadınlarda təməl tezlik çox olduğu üçün qadın səsi daha incə olur. Kişilərdə isə təməl tezlik daha az olduğu üçün kişi səsi isə daha qalın olur.

Bunu qeyd etməkdə məqsədim odur ki, insanlarımız bilsin ki, orada o qədər mürəkkəb bir yaradılış var ki, o cür mürəkkəb bir hərəkət var və onu maksimum qorumaq lazımdır.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir