COVID19, onlayn dərs və səs problemləri

online-ders-ve-ses-problemleri

Artıq bir ildir COVID19 pandemiyasını yaşayırıq. Pandemiyanın həyatımıza gətirdiyi yeniliklərdən, biri də “online dərs” prosesidir. Əslində yenilik də deyildi, sadəcə pandemiya bunu oturtdu.

Təəssüf ki, biz bir çox sahədə olduğu kimi onlayn dərs prosesinin hazırlanmasında da əksikliklərimiz oldu. Hazır olmadığımız üzə çıxdı və çox təəssüf ki, bir çox müəllimlərdə onlayn dərs prosesi başladıqdan sonra səsdə ciddi problemlər ortaya çıxmağa başladı. 

Bunun da bir neçə səbəbi var.

Birincisi, istifadə etdiyimiz alətlər. Kimsə telefonla girdi dərsə, kimsə bilgisayarla girdi, Internetin trafikində problem olmağa başladı. Hətta müayinəyə gələnlər müəllimlərdən bu şikayəti edən belə oldu ki, “İnternet tez-tez qırılır”

“Səsim uşaqlara çatmayacaq” 

Burada bir psixoloji məqam da var. Müəllimlər “Səsimi çatdıra bilməyəcəyəm”, “Səsim çatmayacaq uşaqlara”, “Eşitməyəcəklər, anlamayacaqlar dediyimi” düşüncəsi ilə qeyri-iradi olaraq səsi artırmağa başladılar. Yəni, qışqırmağa başladılar.

Çünki birdən-birə, bir gün içində həyat dəyişdi. Dünənə kimi sinifə girirdiniz. Sinifdə 10 nəfər də olsa, 30 şagird də olsa, fərq etmir, onlar önünüzdədir, rahat surətdə partaların arasında gəzirsiniz, danışırsınız, fikrinizi bildirirsiniz və düşünürsünüz ki, hamıya səs çatdı.

Amma burada nə var?

Burada bir bilgisayar ekranı var ən yaxşı halda, önünüzdə 20-30-40 uşaq var “pəncərə”lərdə və gəzmirsiniz, oturmusunuz. Oturduğunuz yerdən danışırsınız. Heç bir hərəkət də yoxdur. Səsin tonunu da dəyişmirsiniz və monoton, bir az da qışqıraraq danışmağa başlıyırsınız səsli izah etmək üçün. Bu zaman da səsdə həm funksional, həm orqanik problemlər artmağa başladı.

Qışqıraraq danışmağın fəsadları

Çox təəssüf ki, bu il ərzində rutin müayinələrimizə gələn müəllimlərdən, bəlkə də, 2 dəfə daha artıq, 3 dəfə daha artıq müəllimlər gəlməyə başladılar ki, bunlarda daha çox səs tellərində düyünlər əmələ gəldi. Fərqli, məsələn, qanama, qansızma, ödem, ondan sonra polip, kista belə olan müəllimlər aşkara çıxartdıq ki, bu günə kimi yox idi. Yəni bu cür orqanik problemlər və eyni zamanda funksional problemlər…

“Hipotonus tip disfoniya” artmağa başladı, təəssüf ki. Bu da səsdən sui-istifadə dediyim kimi qışqırmaqla əlaqəli oldu.

Səsimizi qorumaq üçün nə edə bilərik?

“Bu problemdən necə qurtula bilərik?” desək, ən əsas məsələ: istifadə etdiyimiz aləti dəyişəcəyik. Daha çox da mikrofonumuzu.

Mən də mühazirə oxuyuram, amma bilgisayara oxuyuram. Düzdür, mən bir səs həkimi kimi ona fikir verməyə çalışıram ki, səsimi çox qaldırmayım, bir də mənim mühazirə oxuduğum insanlar, böyük insanlar, həkimlər olduğu üçün daha rahatam. Amma uşaqlara mühazirə oxuyuruqsa, fərq etməz 1-ci sinif uşağıdır və ya 11-ci sinif uşağıdır, çox gözəl olar ki, bir sinə mikrofonundan, yəni mənim hal-hazırda taxdığım mikrofondan istifadə olunsun. Çox rahatdır, əlçatandır. Bunu hər kəsə biz məsləhət görürük. Mütləq mikrofondan istifadə eləməsi lazımdır.

Bu mikrofon burada olduğu zaman istər istəməz, psixoloji də bir təsiri var. Şüuraltı olaraq: “Artıq mikrofonum var, rahatdır, hamıya səsim çatacaq və səsimi çox da yüksəltməyə ehtiyac olmayacaq”.

Ən önəmli profilaktik iş budur. Yəni mütləq biz yaxa mikrofonundan istifadə etməliyik. Əmin olmalıyıq ki, istifadə etdiyimiz alətimiz tam rahat işləyir, orada bir problem yoxdur.

Artıq səsimizdə problem yaranıbsa?

Və əgər problem varsa, hər hansı… Məsələn, ilk günlər bir az susub, səsdən daha az istifadə etmək olar. Qalıcı bir problemdirsə əgər, vaxtında həkimə getmək olar. Mütləq çox bol su istifadə etməmiz lazımdır. Və bir də oturmadan danışmaq lazımdır.

Yəni mikrofonumuz varsa, müəyyən bir məsafədən əgər durub biz dərsi deyə biliriksə, yaxşı olar ki, hərəkət edək. Hərəkətdə olaq və diafraqmal tənəffüsə fikir verək ki, biz səs büküşlərimizə çox izafi güc göstərmədən performansımızı göstərə bilək. Çünki o da bir performansdır. Dərs də, mühazirə də… Rahat surətdə səsdən istifadə edək ki, səsdə sonra problem ortaya çıxmasın.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

2 comments

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.