“Səhnə həyəcanı”na qalib gəlmək

sehne heyecanina nece qalib gelmek olar

“Səhnə həyəcanı” və ya başqa adla “performans həyəcanı” çox önəmli bir faktordur. Bizə elə gəlir ki, səhnə həyəcanı, performans həyəcanı deyəndə “səs professionalından” söhbət gedir. Yenə hər birimiz aktyora və ya müğənniyə gəlib çıxırıq. Yox, əslində elə deyil. Necə ki, demişdik, səsdən hər birimiz istifadə edirik, hər birimiz potensial səs xəstəsi ola bilərik. 

“Performans həyəcanı” hər birimizin başına gələ bilər

“Performans həyəcanı” da hər birimizin başına gələ bilər. 

Yəni, müəlliməm, mühazirə oxuyacağam, dərsə girəcəyəm, yeni bir sinfə girəcəyəm, konfransa getmişəm, orada çıxış edəcəyəm… Həkiməm – yenə onun kimi. Elementar, səhər-səhər işə gəlmişəm, xəstələrim gələcək, onlarla danışacağam.

Bir həyəcan ola bilər, performans həyəcanı ki, daha çox, əlbəttə ki, səs professionallarında ortaya çıxır.

Çox məşhur bir misal var, yadınızdadırsa, Rəşid Behbudovun oynadığı “Bəxtiyar” filmində ilk konsertdə çıxıb, zalı görəndə başı hərlənir az qala, özünü bir anlıq özünü itirir, ondan sonra yerdən qışqırandan sonra “Bəxtiyar! Bəxtiyar!”, oxumağa başlayır və gözəl də oxuyur. Yəni, performans həyəcanının, səhnə həyəcanının bariz nümunəsidir bu, əslində. 

Kameraların aurası

Bəzən hətta görürsünüz ki, çox məşhur bir insan televiziyaya tutaq ki, dəvət olunur, kameraları görən kimi susur. Kameralar… Sanki nə isə fərqli bir aurası var o kameraların. 

Televiziyada bunu çox görə bilirik. Qonaq gəlir, birinci səsi titrəməyə başlayır, bir müddətdən sonra – 3-5 dəqiqədən sonra yavaş-yavaş artıq belə desək, “relsə düşürük”. 

Performansa hazırlaşmalıyıq

Necə yenəcəyik?

Özümüzə əmin olacağıq, səsimiz zində olacaq, rahat olacaq, hazırlaşacağıq. Perfomansa hazırlaşacağıq. Çıxış ediriksə, çıxışa hazırlaşmağımız lazımdır. Oxuyacağıqsa, səsimiz normal olmalıdır, mahnını bilməliyik… Aktyoruq, çıxacağıq – dialoqu bilməliyik. Məruzəyə getmişik, bir mühazirə oxuyacağıq – “bu işi məndən yaxşı bilən yoxdur” havasına girmək, bəlkə də, bir az şişirdilmiş olardı, amma mənim məruzəmdirsə, mən buna hazırlaşmışamsa, əslinə qalanda publikadan daha yaxşı bilməliyəm bunu və ondan sonra qorxmamağım lazımdır. 

Şəxsi təcrübəmdə pereformans həyəcanı

Mən, məsələn, işi üçün elə olub ki, çox cavan yaşda valideynlərim yaşında insanlara dərs demək məcburiyyətində qalmışam. Çünki işim elə idi…. Təkmilləşmə İnstitutunda mühazirə veriblər. Girmişəm mühazirə otağına, baxıram, 60-65 yaşında həkimlərimiz var. O vaxt 30 yaşlarında idim. Bəlkə də, mənim yaşım qədər iş təcrübəsi olan var idi mühazirə zalında. Amma rahat danışmaq məcburiyyətində idim. Başqa yolum yox idi. Bu mövzu mənim mövzumdur, izah etməyim lazımdır. 

Əgər tam əminəmsə, tam rahatamsa, yəni, artıq rahat surətdə girirəmsə, psixoloji olaraq da rahat oluram və həyəcanı yenmiş oluram. Bu dediyim mənə aid deyil, bütün insanlara, performans göstərən hər kəsə aiddir. 

Məşhurlar da “səhnə həyəcanı” yaşayır

Çox məşhur bir müğənnimizin bir dəfə bir etirafı olmuşdu. Dedi ki, “Mən səhnəyə çıxmamışdan öncə ən azı 2-3 dəfə paltarımı dəyişməli oluram, ‘sırılsıklam’ oluram, tərləyirəm həyəcandan.” 

Sonradan onun oxumağını da görmüşdüm səhnədə canlı olaraq. Orada belə o həyəcanı hiss olunurdu. Müəyyən bir müddət işləyəndən sonra aradan qalxdı. 

Düzdür, bəzi insanlarda çox ciddi bir psixoloji baryer olur. Ehtiyac varsa, ta psixoloqa kimi gedəcəyik. Amma o səhnə həyəcanımızı yenəcəyik, performans həyəcanımızı yenəcəyik və rahat surətdə performans göstərəcəyik. 

Rahat olmalıyıq

Maraqlı bir psixoloji məsələ var. Tutaq ki, qarşımızdakı insan gözümüzdə çox böyütsək, “Bu məsələni necə danışacağam? Görən düzmü danışacağam? Səhvmi danışacağam? Baxanlar nə deyəcək?” Və ya “Oxuyanda görən, səsim qaçacaqmı? Qəzəl öyrənmişdim, yadımdanmı çıxacaq qəzəl? Muğam oxuyuram…” Bu fikirlə girəriksə, əlbəttə ki, orada problem yaşayacağıq. 

Bunları yaşamadan, çox rahat surətdə, içəri girəndə hər kəsin bizi heyranlıqla izləməsi, dinləməsini düşünərək. Rahat… 

Bir az psixoloqların xətrinə dəyməyim, onların sahəsinə girmiş oldum. Səs professionalları ilə işlədiyimiz üçün bunu çox görürük. Yəni, ciddi bir performans, səhnə həyəcanı olduğunu görürük və bunu aradan qaldırmağın yollarını istər-istəməz izah etmək məcburiyyətində qalırıq. 

Rahat olun, rahat çıxın, səhnəyəmi, mühazirə salonunamı, məruzə etdiyiniz yerəmi və rahat performansınızı göstərin, qorxmayın. Hər şey rahat olacaq.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir