Səs terapiyası

ses-terapiyasi

Səs xəstəliklərinin müalicəsində istifadə elədiyimiz, çox rutin olaraq istifadə etdiyimiz əsas müalicə üsullarından birisi, həm profilaktik (yəni həm qoruyucu), həm də xəstəliklərin müalicəsi üçün istifadə etdiyimiz üsullardan birisi səs terapiyasıdır. Bunu müxtəlif ədəbiyyatlar, müxtəlif məktəblər müxtəlif cür adlandırırlar. Məsələn, keçmiş sovet məktəbində bu “fonopedik məşqlər” deyə adlanırdı. Amma ümumi olaraq bütün dünyada hal-hazırda daha çox “səs terapiyası” məfhumu geniş yayılıb. 

Səs terapiyası nədir? 

Çox uzun bir tərifi var, amma qısa deyəcəyəm. Səs terapiyası səsimizi normal vəziyyətə gətirmək üçün istifadə elədiyimiz xüsusi səs və tənəffüs məşqləridir. 

Bu bir az daha çox vokal məşqlərə də bənzəyir. Hətta vokal məşqlərdən ilhamlanaraq icad olunmuş səs terapiyası üsulları da var. Həddən artıq çox səs terapiyası üsulları var. Bunların hamısı haqqında ayrı-ayrı danışacağam zamanı gəldikcə. 

Elementar bir şey deyim ki, səs diyetası belə… Yəni, səs diyetası nədir? Qışqırmışıq, səsimiz batıb, susmuşuq. Bu belə səs terapiyası sayılır. Birbaşa və dolayı səs terapiyası üsulları var. Bunların içərisinə hipnoz belə daxildir, bunların içərisinə təlqin belə daxildir. Yəni bir çox üsullar var. Bu üsullarla biz səsdə əmələ gələn problemlərin həm profilaktikasını, həm də müalicəsini icra edirik. 

Səs terapiyası hansı hallarda tətbiq olunur?

Bəzi xəstəliklərdə hətta səs terapiyası primer – birincili müalicə üsuludur. Yəni, ancaq səs terapiyası ilə xəstə müalicə edirik. 

Məsələn, səs büküşlərində çox gördüyümüz uşaqlarda səs problemlərinin əsas səbəbi olan səs teli düyünləri. Məsələn, səs teli düyünlərinin müalicəsində biz əgər yanaşı bir faktor yoxdursa aradan qaldırmalı olduğumuz, birbaşa səs terapiyasını icra edirik. Amma səs gigiyenası ilə bərabər. Səsin də bir gigiyenası var, bu da əslində səs terapiya üsuludur əslində. Onun da haqqında danışacağıq. 

Səs terapevti, səs klinikası, səs komandası

Bu, mütləq və mütləq bir səs klinikasında, səs komandasında icra olunmalı olan bir üsuldur. Səs terapevti mütləq bir neçə üsulu edə bilməsi, öyrənməsi lazımdır. Mükəmməl surətdə icra etməsi lazımdır ki, xəstəyə bunu tətbiq edə bilsin. Heç də “Biz bir üsulu əzbərlədik, ancaq o üsulla müalicə etməliyik” deyə bir məfhum yoxdur. Yəni, səs terapevtimiz bir neçə üsulu əlinin altında saxlamalıdır. Eyni xəstəyə bəzən eyni prosedurda bir neçə səs terapiyası üsullarını yoxlayaraq tətbiq edə bilərik. 

Səs terapiyası necə icra olunur?

Pasiyetimiz səs terapevti ilə görüşür. 

Terapevt ona səs terapiyasını birinci izah edir. 

Sonra onunla təxminən bir yarım saat, 45 dəqiqə, hətta bəzən 1 saata kimi çalışır, həmin məşqlərin üzərində. 

İlk olaraq tənəffüs üzərində işləyirlər, ondan sonra qamət üzərində işlənilir. Doğru qamət çox önəmlidir səsin normal çıxması üçün. 

Pasiyentə bir ev tapşırığı verilir və evdə həmin pasiyent burada gördüyü, burada etdiyi məşqləri təxminən gün ərzində 5-6 dəfə, hər dəfə də maksimum 7-8-10 dəqiqə icra edir. 

Növbəti vizitdə bir yeni üsula, bir daha üst üsula müraciət olunur. 

Bununla da xəstənin səsində olan problem, xəstənin qırtlağında, səs büküşlərində olan problem aradan qaldırılır.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.