Sizdən gələn suallara cavablar – ikinci hissə

sizden-gelen-suallara-cavablar

Səsimin dəyişməsi polipdən, yoxsa panik atakdandır?

Növbəti sual: Burunda polipin səsə təsiri olur deyirsiniz. Mənim burnumun hər 2 tərəfində polip var. Amma panik atakdan da əziyyət çəkirəm. Həmin vaxtı səsim də dəyişir. Bu hal polipdən, yoxsa panik atakdandır?

Burunda polip varsa, burun tutqun deməkdir, yəni burun yolları bağlanmış deməkdir və bizim səsimiz artıq dəyişmiş deməkdir. Burnumuzu bağlayıb danışsan, mənim həmən səsim dəyişir. Burun keçəcəyinin bağlılıq səviyyəsindən asılı olaraq səsimizin tonu da dəyişmiş olur. 

Amma bir də üstəgəl panik atakımız varsa, əlbəttə ki, bu da bir stressfaktordur. Panik atak zamanı səsimiz, əlbəttə, dəyişə bilər, qısıla bilər. Bu, onsuz da, tonu zəif olan bir səsin bir az daha da pisləşməsinə səbəb olur. 

Yəni bunun hər ikisi həm burunda olan poliplər, həm də panik atak səsimizi mənfi yöndən təsirləndirə bilir və səsimizdə mənfi dəyişiklərə gətirib çıxara bilər. Amma burnunuzda polip var, hətta iki tərəfdə varsa, bunu mütləq əməliyyat etməniz lazımdır.

Hal-hazırda artıq incə və dəqiq, yəni “Funksional Endoskopik Sinus Cərrahiyyəsi” dediyimiz cərrahiyyə var ki, bütün polipləri rahatca təmizləmək olur və ondan sonra aparılan konservativ müalicə ilə də bu poliplərin yenidən əmələ gəlməsini önləmək olar.

Yəni mütləq gedin, əməliyyatınızı etdirin. Panik atak varsa da, mütləq bir psixoterapevtdən dəstək alsanız, gözəl olar.

Səs tonunu qaldırdıqda və ya səsli kitab oxuduqda boğazın ağrıması faringitlə əlaqəli ola bilər?

Mən bir az səsli ortamlarda bir az səs tonumu qaldırdıqda və ya normal tonda səsli kitab oxuduqda boğazım ağrıyır. Bu faringitlə əlaqəli ola bilər?

Yenə maraqlı bir sualdır, çünki 2 fərqli məsələ var burada. Yəni “səsli ortamda danışmaq, səsin tonunu qaldırmaq, bir səsli kitab oxumaq və səsdə problemin ortaya çıxması və ya boğazda ağrının ortaya çıxması”, bir də “faringit”.

Bunun faringitlə əlaqəsi əslində qalanda çox da yoxdur. Bu birbaşa bizim qırtlağımızla əlaqəlidir. Qırtlağımızı işlədən səs tellərimizi, səs büküşlərimizi işlədən əzələlərimizlə əlaqəlidir. 

Ən gözəl misal, toy misalıdır. Biz toya gedirik, ora səs-küy olur çox. Küy faizi daha çoxdur, nisbəti daha çoxdur və “yanımızda olan insanla danışmışıq ancaq” düşünürük. Evə gəlib baxırıq, səsimiz batıb. Nədəndir bu? 

Biz nə qədər də yanımızdadır, həmən böyrümüzdə oturub, yəni “bu insanla danışırıq” desək belə, biz səsimizin tonunu qaldırmalı oluruq. Çünki ətrafdakı küyü boğmağımız lazımdır ki, yanımızdakı insan səsimizi eşitsin. İstər istəməz izafi bir güc sərf edirik. Yəni biz ətraf səsləri, ətraf küyləri boğmaq üçün səsimizi istifadə edən zaman qırtlaq əzələlərinə çox izafi bir güc vermiş oluruq və bu da dediyim kimi boğaz ağrısına gətirib çıxara bilir. 

Yəni faringitlə o qədər də əlaqəsi yoxdur, əslində. Amma bir faringitimiz də varsa, əlbəttə ki, bu da səsdə problem yaradacaq. 

İstər-istəməz qırtlaq və rezonator orqanlarımızın normal işləməməsinə gətirib çıxaracaq ki, bu da yenə bizim normal səs çıxarmamız üçün əlavə, belə deyim, fəaliyyət icra eləməyimiz lazım olur və bu da boğazımıza ağrı verə bilir.

Bunun üçün çox rahat surətdə səs terapiyası ilə bu problemi aradan qaldıra bilərsiniz, bunu da deyim.

Boyun məşqlərindən sonra səsdə olan qısamüddətli müsbət dəyişikliklər məşqləri çoxaltmaqla daimi qala bilərmi?

Yenə bir sualımız: Boyun məşqlərindən sonra səsim 3-5 dəqiqə müddətində daha cingiltili, daha gözəl olur, dəyişilir. Bu məşqləri uzun müddət etsəm, səsdəki bu müsbət dəyişikliklər daimi qala bilərmi?

Biz boyun məşqləri eləyən zaman eyni zamanda bir “səs terapiyası” edirik. “Boyun relaksasiya məşqləri” var ki, yəni bilirsiniz boynu yana, yanlara, önə, arxaya və ya dairəvi hərəkət edirik… Bu zaman biz əslinə qalanda həm boynumuzu rahatladırıq, həm onurğamızı rahatladırıq, həm də eyni zamanda yenə əzələlərimizi rahatladırıq. Və bu əzələlərin rahatlanması nəticəsində bizim qırtlağımızın hərəkəti də rahatlayır.

Hətta belə bir şey deyim performansdan öncə, məsələn, hər hansı bir müğənniyə, aktyora, müəllimə fərqi yoxdur, səhər-səhər işə gələndə bir həkim belə gün ərzində danışacaq… Bundan öncə əslində bu məşqləri edərsə, çox gözəl olar. Boyun relaksasiya, yuxarı bədən relaksasiya məşqlərini eləyərsə, çox gözəl bir effekt almış olar və gün ərzində səsi daha cingiltili olar, daha səlis olar, daha təmiz olar, daha gözəl olar.

Və bu məşqlər, əlbəttə ki, daha bir az uzun müddətli eləsək, həmin o dəyişiklik deməzdim tam daimi qalar, amma birbaşa terapiyası… Bu “dolayı səs terapiyası” üsuludur. “Birbaşa səs terapiyası” üsullarından da istifadə edərək həmin dəyişikliyi daimi saxlayaraq, yəni siz terapiyanın yarısını edirsiniz digər yarısını da eləməklə həmin o müsbət dəyişikliyi daimi edə bilərsiniz. Səsdəki o dəyişiklik daimi ola bilər, səsiniz dəyişə bilər. Həm özünüzə, həm də ətrafdakılara xoş gələn cingiltili, sağlam bir səsə malik ola bilərsiniz.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.